Sosial xidmət nədir?

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (561)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Sosial xidmət nədir?

Sosial xidmət – çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai  həyatda  digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər

Sosial xidmətin məqsədi nədir?

Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.

Sosial xidmətin formaları aşağıdakılardır:

  • evdə (səyyar) sosial xidmət;
  • yarımstasionar (günərzi) sosial xidmət;
  • stasionar sosial xidmət;
  • sosial-məsləhət yardımı.

Sosial xidmətin növləri

Təyinatından asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünür:

  • sosial-məişət xidmətləri – şəxslərin (ailələrin) məişət şəraitinin, yaşayış vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
  • tibbi-sosial xidmətlər – şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
  • sosial-psixoloji xidmətlər – şəxslərin cəmiyyətə adaptasiyası məqsədilə psixoloji vəziyyətinin reabilitasiyasını nəzərdə tutur;
  • sosial-pedaqoji xidmətlər – yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir;
  • sosial-iqtisadi xidmətlər – şəxslərin həyat səviyyəsinin qorunmasına və möhkəmlənməsinə yönəlmişdir;
  • sosial-hüquqi xidmətlər – hüquqi yardım göstərilməsi, şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir;
  • palliativ xidmətlər – müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsinə yönəlmişdir.

 

Şəxs (ailə) aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab edilir:

  • uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması;
  • uşaqların sağlamlıq imkanlarının məhdud olması;
  • yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması;
  • xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək qohumların olmaması müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;
  • şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması;
  • insan alverinin qurbanı olması;
  • məişət zorakılığından zərər çəkməsi;
  • müəyyən yaşayış yerinin olmaması;
  • valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması;
  • şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması.

Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri aşağıdakılardır:

  • sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planı tərtib etmək;
  • çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına yardım etmək;
  • sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına əməl etmək;
  • sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək;
  • xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
  • sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verməmək;
  • sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırması üçün mövcud olan imkanlar haqqında məlumatlandırmaq;
  • öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların konfidensiallığını təmin etmək;

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. Sosial Xidmət Haqqında Azərbaycan Respublikasının qanunu, 30 dekabr 2011-ci il, Bakı, Azərbaycan
  2. Ahıllara Sosial Xidmət Haqqında Azərbaycan Respublikasının qanunu, 22 iyun 2001-ci il, Bakı, Azərbaycan

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 40
Baxılıb: 280
Əlavə edilib: 22-01-2021
Redaktə edilib: 22-01-2021
Bitmə tarixi: 21-02-2023
Kateqoriyalar: Xidmətlər