Bir Aprel necə yaranıb? – 7 versiya

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

Bir Aprel necə yaranıb? – 7 versiya

Bu gün 1 Aprel - Ümumdünya Gülüş Günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 Apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar.

Maraqlıdır, ölkəmizdə də xüsusilə gənclər arasında populyar olan bu günün tarixi hardan başlayır?

Kult.az 1 Aprel - Ümumdünya Gülüş Günü haqda maraqlı faktları təqdim edir:

1 Apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Onlardan bir neçəsi belədir:

1. Ən çox yayılmış versiyanın kökü qədim Romaya gedib çıxır. Romada təxminən 2000 il əvvəl gülüş gününə oxşar bayramlar təşkil edilir və bu bayramı “ağılsızların günü” adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deməsi ilə başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin gündən etibarən ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar etməyə başlayır.

2. Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını ifadə edə bilərdilər. Eyni zamanda "Səfehlər kralı" və ya "Zarafatlar kralı" təyin edər, şənlənər, lətifələr söyləyərdilər. Səfehlər Günündə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.

3. Daha geniş yayılmış versiyalardan biri isə Roma Papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatardı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.

4. 1 Aprel ilə bağlı bəlkə də ən faciəvi versiya 15-ci əsrdə xaçlıların Əndəlüsdə (indiki İspaniyada) müsəlmanları hiylə yolu ilə məğlub edərək soyqrım törətməsi ilə bağlıdır. Versiyaya görə, 15-ci əsrin sonları xaçlılar İspaniyada Əndəlüs müsəlmanlarının sonuncu qalası Qranadanı mühasirəyə alır. Qışın erkən gəlməsi səbəbilə mühasirə günü-gündən uzanır. Mühasirənin uzanacağını və müsəlmanların təslim olmadığını görən xaçlı ordularının komandanı martın 31-i qalanın qarşısına gələrək bir əlində xristianlığın müqqədəs kitabı İncil, digər əlində müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi havaya qaldırır və qaladakıların bu gün təslim olacaqları təqdirdə mal-mülk və canlarına zərər verilməyəcəklərini söyləyir. Müsəlmanlar komandanın əlindəki müqəddəs kitablara and içərək vəd verməsinə güvənib, qalanı xaçlılara təslim edir. Səhəri gün, yəni aprelin 1-i xaçlı komandanı bütün ordusuna müsəlmanları öldürməyi, mallarını müsadirə etmələrini əmr edir.

Komandanın bu qərarından heyrətə gələn müsəlmanlar andını yada salsa da, komandan "mən o andı dünən üçün vermişdim, bu gün keçərli deyil" deyir. Bir çox müsəlman bu səbədən bu günü yumor günü olaraq deyil, əndəlüslü müsəlmanların soyqrımı günü kimi qeyd edir.

5. Əvvəllər Fransada Yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə Yeni il 31 dekabr, 1 yanvar günlərində bayram edilməyə başlamışdı. Lakin "Aprel balığı günü" də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.

6. Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə “aprel axmaqları” adlandırırdılar.

7. Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-i səhər Peterburqda yanğın təhlükəsi ilə bağlı həyəcan siqnalı işə çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.

Xəbərlər:

Xüsusi məlumat

Məlumat ünvanı (URL) axar.az/news/kult/548737.html

Aid olduğu ölkə

Ölkəyə bağlı olmayan

Məlumatlar

Məlumat ID-si: 1600
Baxılıb: 17
Əlavə edilib:
Redaktə edilib: 01-04-2021
Bitmə tarixi: 01-04-2022
Kateqoriyalar: Cəmiyyət