Pulunu iki arvad arasında bölən - Əliağa Vahid - Ədəbiyyat

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi

Pulunu iki arvad arasında bölən - Əliağa Vahid - Ədəbiyyat

Bu gün - 17 Fevral Əliağa Vahidin doğum günüdür. Kulis.az bu münasibətlə Qorxmaz Şıxalıoğlunun "İki əsrin qəzəlxanı" yazısını təqdim edir.

Ölümün bizdən ayırdığı elə sənət adamları var ki, onlar, necə deyərlər, xalqımızın bağrından qopublar. Başımızın üstündəki səma kimidilər – heç vaxt unudulmur, yaddan çıxmırlar. Bu sırada az adam var. O azlardan biri də Əliağa Vahiddir.

Xalqımız Vahidi sevir. Elə sağlığında da sevib. Fəxri Xiyabandakı yeri də hökumət yox, xalq verib ona. Oxuduqlarımdan bilirəm ki, Vahidin dəfn mərasimi çox izdihamlı olub. Bu unudulmaz sənətkara olan xalq sevgisindən minbir misal çəkmək olar. Onunla bağlı ən xırda əhvalat belə bizim üçün, az qala tutya yerindədir. Qəzəlləri, məişəti, davranışı, sadəliyi, səmimiliyi, elə laübali həyatı ilə də xalqa ən yaxın adam olub Vahid. İndi də söz düşəndə hamı onun ölməz qəzəllərindən danışır, daha şəraba aludəçiliyindən yox. Əsrlər sonra da belə olacaq.

1976-cı ildə əsgərlikdən gələndən bir ay sonra Fəxri Xiyabana getmişdim. Hardasa, iki saata yaxın məzarları ziyarət etdim. Yadımdadır, ən çox ayaq saxladığım yer isə Vahidin məzarı oldu. Məzarının yarım addımlığında, sinədaşı ilə paralel bir taxta oturacaq vurulmuşdu. Kəndlərdə həyət qapılarının ağzında yonulmamış taxtalardan düzəldilən belə oturacaqları çoxumuz görmüşük. Baxdım ki, Fəxri Xiyabandakı məzarların sırasında sadə, dədə-baba qaydası ilə düzəldilən bu oturacaq heç kimə Vahid qədər yaraşmır. Düzü, məni burda bir az da ləngidən bu oturacaq oldu...

Yeri gəlib, qoy deyim. İndi rayonlarımızda kirəmidli, kürsülü evlər, taxta darvaza, murdarça çubuğundan hörülmüş ağıllar və digər kənd-kəsək atributları kimi, bu oturacaqlar da yoxa çıxmaqdadır. Əslində, bu oturacaqlar iki basdırmanın üstünə vurulmuş bir taxta yox , qonşular arasında ünsiyyət, mehribanlıq yaradan bir körpü idi. Yaz-yay axşamlarında qonşu qadınlar dərd-sərini burda bölüşərdilər...
Fikirləşdim ki, bu oturacaq yəqin ki, Vahidi tanıyan, onunla oturub-duranların işidir. Və başladım həmin adamları beynimdə canlandırmağa. Yavaş-yavaş bu qara kepkalı, əli təsbehli, damağı “Kazbek”li adamların səsi gəldi qulağıma. Onlar hərdən zarafatlaşır, Abşeron kəndlərinin köhnə, sanballı kişilərindən söhbət açırdılar. Sonra onlardan biri “Vahid qədeş, nə olar, təzə yazdığın qəzəllərdən birini oxu da ”- deyir.

 

Vahid cavan dostunun sözünü cavabsız qoyur , saralmış barmaqları arasında yarımçıq qalan “ Kazbek” giləsini təzədən yandırır... Bəlkə də yaddaşını qurdalayır. Ətrafdakılar az qala xorla dillənirlər: “ Xahiş eləyirik.” Araya ani sükut çökür... və birdən Vahidin xırıltılı səsi eşidilir...

Əziz oxucu, mən Vahidin xəyalımda canlandırdığım o dostlarını çox sonralar Şahmar Ələkbərovun ” Qəzəlxan” filmində gördüm.

Qoy burada ürəyimdən keçən bir məqamı deyim, sonra yenə Vahidə qayıdaram. Təkcə yuxarıda bəhs etdiyim oturacaqlar deyil, indi kəndin həyatından çox şeylər yox olub. Getdikcə gözəl aynabəndli evləri, içinə zor-bəla işıq düşən, qəsrləri xatırladan tikililər əvəzləyir. Həyətlərdəki quruluqda sıralanan plastik stol və stullar, tavanı lambirinli eyvanlar adamın nəfəsini darıxdırır. Hamı qonşusundan daha çox təcrid olunmaq istəyir sanki. Hasarlar daşdan, ya da dəmirdən... Həyət qapıları da elə. Yaxşı, bəs, cırcırama, kəpənək daş, yaxud dəmir hasara necə qonsun? Harasına qonsun? Yazda sevinə-sevinə gələn qaranquş harada yuva qursun? Üzü payıza qaratikan çəpərlərinə dolaşan iri yarpaqlı tağlardakı bir üzü sarı, bir üzü yaşıl, həyətə bayram ovqatı gətirən balqabaqlar da yoxa çıxıb, çünki indiki hasarlara dırmaşmağa bir tutacaq yeri yoxdur. Hələ çəpərin uzaq küncündəki gicitkənliyin sıx yerində təsadüfən gördüyümüz toyuq yuvasında baş-başa verən yumurtaları görəndə nə qədər sevindiyimizi demirəm.

İndi də söylənirik ki, niyə adamlar bir-birinə qarşı belə soyuq olublar, niyə bu qədər biganədilər? Gözünü açıb daş, dəmir, beton, armatur və qumdan, sementdən tikilimiş bumbuz ev-eşik görən uşaq bəs necə böyüməlidir? Elə bu sadaladığım cansız nəsnələrə oxşamalıdır da. Qarışqa, kəpənək, arı... bizə balacalıqdan insanlıq dərsi keçirdi axı: Nə isə...

...O balaca taxta oturacaqda əyləşmək keçdi ürəyimdən. Sakit Fəxri Xiyaban... və oturub düşünürsən. İnsan səadəti nədirsə, bu, ona yaxın bir şeydir, vallah. Amma olmadı. Elə bil hansısa gözəgörünməz bir qüvvə məni tutub saxladı. Yağışın, küləyin qaraltdığı oturacağa baxa-baxa qaldım. Sanki dəvət olunmadığım bir məclisə ayaq qoymaq istəyirdim. O məclisə ki, orda bir nəfər də məni tanımır, heç kim məni gözləmir, mən orda yad adamam. Beləcə, ürəyimdə “oturum - oturmayım” davası gedə-gedə oturacaqdan aralandım.

Bəs onda məni oturacağa yaxınlaşmağa qoymayan nə idi?

Sonralar bu sualla özümü çox yormuşam. Görmüşəm ki, bu, ürəyimdə Vahidin adından qaynaqlanan xatirələrlə bağlıdır, burda bir sirr - filan yoxdu. 

Kənd. Bürkülü yay günü. Günorta ot çalımından qayıdan kişilər. Eyvanda buğlanan samovar. Divardakı radiodan səslənən muğamat konserti. ( Yayda çöl işində olan kişilər günortalar dəryazını, yabasını şaxlıqda gizlədib, özlərini tez evə çatdırardılar ki, muğamat konsertinin vaxtını ötürməsinlər) Anamın doğramac hazırlayan iri əlləri, qayğılı çöhrəsi... Bütün bu mənzərələri müşayiət edən muğamlar və bu muğamların çoxunda oxunan Vahidin qəzəlləri. Üstəlik, onlara qarışan yayın bürküsü. Hələ günortanın istisində bazardan qayıdan, içi adam, torba və tor setkalarla dolu böyük “ZİL” maşını, ayaqlarını isti toz yandıra-yandıra, dillərində “Mənə top gətirdin?”, “Mənə dama-dama dəftər aldın?”, “Mənə semiçka halvası gətirdin?” - sualları ilə maşının qabağına qaçan kənd uşaqlarını demirəm.

Dostlar, mən kənddə böyümüşəm. 40 il əvvəl bütün işıqlı xatirələrim kənd çevrəsinin içində idi. Əslində, indi də elədir.
Sonralar televiziyadakı işim ilə əlaqədar Abşeronun kəndlərini yaxından tanıdım; kəhrəba şanısını, bal kimi əncirini, dəniz ətri ilə dolu Xəzrisini, günəşin işığında bərq vuran qum təpələrini və onları naxışlayan ayaq izləri... Bütün bunlar ürəyimdə yuva salan şirin kənd xatirələrinə qarışdı. Bu sirli, ecazkar mənzərələrin içindən yenə evimizin divarından asılan radionun səsi gəlirdi. Elə Vahidin üzü də, baxışları da, səsi də bir parça Abşerondur sanki. Xatirəsi də payızda Xəzərin üstünü bürüyən dumanın uzaqlığında eşidilən durna səsinə bənzəyir.
Mənim də öz xatirələrim var Vahid ilə bağlı. Onu görməsəm də...

...8-ci mikrorayonda yazıçılar üçün tikilən iki bina var. Onların birincisi, deyəsən 1989-cu ildə təhvil verildi. Bura köçənlərin bir çoxunu tanıyırdım. Çünki o vaxt mən Yazıçıların Yaradıcılıq Evində işləyirdim, həm də radio və televiziya üçün süjetlər hazırlayırdım. Bir gün eşitdim ki, bu binanın birinci mərtəbəsində Əliağa Vahidin həyat yoldaşına birotaqlı mənzil veriblər.

Reportyoru çiynimə keçirib cumdum mikrorayona. Ev sahibi Şəhrəbanu xanım məni soyuq qarşıladı. Yaşlı adam idi. Yorğun görkəmi vardı. Dedim ki, radio üçün veriliş hazırlamağa gəlmişəm. Elə bu başdan deyim ki, o veriliş efirdə səslənmədi, çünki hələ sovetlərin vaxtı idi, Vahidin üstündəki kölgə tam çəkilib getməmişdi. Şəhrəbanu xanımın o söhbətindən çox şey yadımda qalmayıb. O vaxt qələmə aldığım o yazı da necə oldu, bilmədim. Hər halda yadımda qalanları xatırlamağa çalışdım.

Şəhrəbanu xanımın dediklərindən:

“Bir gün Vahid gəldi ki, məni sabah Mərkəzi Komitəyə çağırıblar (indiki Prezident Administrasiyası). Pal-paltarını səliqəyə saldım. Nəsə səhər üzünü qırxıb getdi. Ordan çox pəjmürdə qayıtdı. Səbəbini soruşanda məlum oldu ki, yaxın günlərdə SSRİ-nin rəhbəri Nikita Serqeyeviç Xruşşov Bakıya gəlir. Vahid də bu münasibətlə yaxşı bir şeir yazmalıdır. Qırımından bildim ki, vəziyyət nə yerdədir. Yalvardım ki, ay Vahid, sənin əlində su içimi kimi bir şeydir, yaz da, bəlkə bizə ev verdilər, ev olmasa da, xarici mebeldən –zaddan axır nəsə olacaq da. Vahid qayıtdı ki, arvad, mən o şeiri yazan deyiləm. Qəzəllərimi İranda oxuyurlar, məni Türkiyədə tanıyırlar, indi bir evə, yaxud bir mebelə görə mən Xruşşova şeir yazacağam? Xalq arasında az-çox hörmətim var, istəyirsən ondan da olum? Nə qədər yalvar-yaxar eləsəm də xeyri olmadı...

 

Mircəfər Bağırov Vahidin xətrini istəyən adam olub həmişə. O, bir gün Vahidi yanına çağırıb içkini atmağı boynuna qoymaq istəyib,ancaq Vahid razılaşmayıb. Bir dəfə də Vahidə deyib ki, o “pyaniska”lıq edən şairləri göndərəcəyəm gedər-gəlməzə, bircə səni toxumluq saxlayacağam”.

Şəhrəbanu xanım sonra mənə Vahidin Ali Sovetin sədri Məmməd İsgəndərovla dostluğundan danışdı. Dedi ki, evlə bağlı Vahid ona bir ərizə də yazıb qəzəl şəklində. Bildirdi ki, o qəzəl oğlum Ramizdə olmalıdır.

Ramiz ayrı evdə yaşayırdı. Onun iş yerini Şəhrəbanu xanımdan öyrəndim. Ertəsi gün Ramizi tapdım. O, 26-lar ( Səbail) Rayon Partiya Komitəsi (indiki İcra Hakimiyyəti) binasının gecə gözətçisi işləyirdi. 70 manat əməkhaqqı alırdı. Məlum oldu ki, Ramiz universitetin filologiya fakültəsini bitirib. Bəxtiyar Vahabzadə ona dərs deyib. Ramiz onu da dedi ki, B.Vahabzadənin atama münasibəti pis idi, bunu bir-iki dəfə üzümə də demişdi. Bir sözlə, Ramiz ərizə-qəzəli iki gündən sonra gətirdi. Mən də

“Ay Mamed, xatirimə bir yeni əfsanə düşüb.
Rövnəqi- bəxtim azıb, sahili ümmana düşüb”.

misraları ilə başlayan ərizə - qəzəli köçürtdüm, əvvəlinə də giriş kimi üç-dörd cümlə əlavə elədim, maşinkada yazdırıb, çox böyük həvəslə poçt vasitəsilə göndərdim “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru, şair Nəriman Həsənzadəyə. Üç aydan sonra, nəhayət ki, çap olundu. Ancaq... qəzetin əməkdaşı Atabala İsmayılovun 5-6 cümləlik ön sözü ilə. Daha orda mənim izim - tozum yox idi. Əlbəttə, çox pis oldum. Elə indi də yadıma düşəndə pis oluram...

...18 il əvvəlin söhbətini eləyirəm. İş yoldaşım rəhmətlik Zakir Muxtarov AzTV-nin peşəkar operatorlarından idi. O, “Sovetski”də doğulub, boya-başa çatmışdı. Spartaka oxşayırdı. Bir dəfə dedi ki, Vahidin atamla bağlı yazdığı bir qəzəl var evimizdə. Mən və iş yoldaşım Sahəddin xahiş elədik ki, onu gətirsin. Söz verdi, gətirmədi. Bir dəfə necə oldusa, bu məsələni dostumuz Məmməd Aslana dedik. Axır ki, qəzəl gəlib çıxdı və Məmməd müəllim onu “ Ekran-efir” qəzetində çap etdi.

Vahid bu qəzəli dostu Məzahirə (ərəb dilinin bilicisi olub, bəlkə də Vahidi ona yaxınlaşdıran elə bu olub) yazıb. Məzahir də Zakirin atası Nəcəf kişinin xalası oğlu olub. Nəcəf Muxtarov o vaxt “ Kömürçü” bazarının yanında yerləşən fərdi tikiş fabrikinin direktoru imiş.

Dostum Kürdəxanılı Məzahirə

Bir kəlmə sözüm var sənə xəlvətdə, Məzahir,
Vaxtında bilərsən bunu əlbəttə, Məzahir.
Yalnız mənə bir təng deyil dövrü-zamanə,
Bir yerdə varıq hər bir əziyyətdə, Məzahir.
Mərdlik, kişilik bundan ibarət deyil ancaq,
Qonşun ilə sən hər gecə işrətdə, Məzahir.
İnsan gərək öz dövrünə, ətrafına baxsın,
Möhtac olanı qoyma rəzalətdə, Məzahir.
Mümkün qədər xəlqə yanaşmaq gərək indi,
Mərdlik də budur, məncə, həqiqətdə, Məzahir.
Çox da yemək-içmək qəmini çəkmirəm, amma,
Qoymuş məni bir məsələ möhnətdə, Məzahir.
İndisə payızdır, hələ bir növdə dolannam,
Qallam yenə qış gəldi müsibətdə, Məzahir.
Nə yaxşı batinkam, nə də ki, palto varımdır,
Nə eyləyə billəm bu vəziyyətdə, Məzahir?
Tərifləyərək kəndinizi lovğalanırsan,
Yox kimsə belə ali təbiətdə, Məzahir.
Gördük biz onun tərifini, fabrikə getdik,
İnsan da olarmış belə niyyətdə, Məzahir.
Hətta dönərək bir üzümə baxmadı əsla ,
Guya, oturub təxti –xilafətdə Məzahir.
Çox rütbə sevən şəxsləri görmüşük axır,
Dünayada qalıb guşəyi-üzlətdə, Məzahir.
Diqqətlə tamaşa elə ki, köhnə fələkdir.
Sultanları qoymuş bu fəlakətdə, Məzahir.
Mən anlamadım, Hacmuradın feylinə uydum,
Əvvəlcə deyildim mən o niyyətdə, Məzahir.
Bir rica üçün dur Muxtarovun qapısında ,
Məşğuldur ağa keyfinə kabnetdə, Məzahir.
Olsaydıq əgər biz dodağı qırmızılardan,
Nə istəsək evə gəlmişdi o saatdə ,Məzahir.
İndi nə edək, məmləkətin şairiyik biz ,
Qismət elə olmuş bizə xilqətdə, Məzahir.
Görsən, mən ölüm, möhkəm tut sən yaxasından,
Xəlvətdə onu danla, məzəmmətdə, Məzahir.
İnsafmıdırı şairimiz donludan ötrü
Olsun mənə, ya ki, sənə minnətdə, Məzahir.
Yox səndə məgər əhli Vətən fikrini çəkmək?-
Qoymuş məni bu məsələ heyrətdə,Məzahir.
Bir donlu nədir ki, tutalım, mən bəcəhənnəm,
O Hacmuradı qoydu xəcalətdə Məzahir.
Əfsus, gözəl Kürdəxanı gör nə dəyişmiş.
Kəndlərdə birinciydi dəyanətdə, Məzahir.
Şair deyə xəlqim mənə bir gün gələcəkdir.
Heykəl qoyacaqlar bu vilayətdə, Məzahir.
Heç pul-paramız olmasa da, hörmətimiz var,
Sönməz Günəşin zərrəsi zülmətdə, Məzahir.
Dostdur mənə zabratlı Məzahir də Sizin tək,
Bir mərd ola bilməz bu nəcabətdə, Məzahir.
Oğlanlarını hifz eləsin Tanrı bəladan,
Vardır mənə ixlası nəhayətdə, Məzahir.
Mən Vahidəm, əl açmaram əğyara ölüncə,
Anka kimiyəm künci-qənatdə, Məzahir.

(Qəzəl 1941-ci il noyabrın 1-də yazılıb)

P.S. Zakirin dediyinə görə sonralar atası and-aman eləyirmiş ki, o gün nazirlikdən yoxlama gəldiyi üçün Vahidi yaxşı qəbul edə bilməyib.


Yəqin ki, Vahidin bu incikliyi uzun çəkməyib. Axı o, şair idi, ürəyi “xırman” boyda idi. Bu, öz yerində. Ancaq bütün hallarda qazanan biz olmuşuq. Çünki bizə Vahiddən bir qəzəl də yadigar qaldı...
Vahid ilə bağlı bir epizod da var yadımda. Onu iş yoldaşım, ömrünün çoxunu radio və televiziyaya həsr edən Rafiq Savalan danışıb mənə: “Universitetin jurnalistika fakültəsinin III və IV kurslarında oxuyanda bizi “Bakı” qəzetinə və “Kirpi” jurnalına praktikaya göndəriridilər. Bir gün “Bakı “ qəzetinin redaksiyasında Qeybulla Rəsulovun şöbəsində oturmuşduq. Cabir Novruz da Moskvada təhsilini təzə başa vurub gəlmişdi, bu şöbədə işləyirdi. Birdən qapı açıldı, Əliağa Vahid içəri girdi. Çox kefsiz görünürdü. Qeybulla müəllim dedi ki, bu gün qonorar verirlər, sən gərək sevinəsən. Vahid qayıtdı ki, qonorarın dalıyca getməyə həvəsim yoxdur. Qeybulla Rəsulov mənim adıma tez bir etibarnamə yazdı. Aparıb qəzetin redaktoru Nəsir İmanquliyevə qol çəkdirib verdi mənə. O vaxt bütün qəzet-jurnalların, nəşriyyatların bir mühasibatlığı var idi, o da Sahil bağına yaxın, “Dinamo” cəmiyyətinin yanında yerləşirdi. Gedib pulu alıb gətirdim.Vahid pulu saydı, sonra iki yerə böldü:” Bu Tanyanın (birinci arvadının), bu da Şəhrəbanunun (ikici arvadının)” deyib pulu qoydu cibinə. Sonra təzədən pulu çıxardıb Tanyanın payının üstündən neçə manatsa götürüb o biri pulun üstünə qoydu: “Şəhrəbanu iki uşaq saxlayır”, - dedi.

... Yaşlı nəsildən olan məşhur insanların Bakı ilə bağlı xatirələrinin üzərində qurulan bir televerilişimiz vardı: “Bizim Bakı”. Təbii ki, çəkilişlər həmin xatirələrdə adı çəkilən məkanlarda aparılırdı. Növbəti qəhrəmanımız rejissor Ağakişi Kazımov idi. Onun indiki Fəvvarələr bağında lentə aldığım çıxışındandır bu xatirə. Təxmini yadımda qalanı onun öz dilindən yazıram:
“Bakıya təzə gəldiyim vaxtlardır, şəhərdə olan xalam oğlu ilə bir gün gəzməyə çıxdıq. Elə bu bağda skamyada oturmuşduq. Birdən xalam oğlu yaxınlıqdakı skamyada əyləşən arıq bir kişini mənə göstərib dedi: “Bax, o peraşki yeyən Əliağa Vahiddir”. Gözlərim kəlləmə çıxdı. Necə yəni, o nəhənglikdə bir şair skamyada əyləşib peraşki yeyir?

Mən Vahidi ömrümdə görməmişdim. Onda rayonda televizor-zad yox idi. Amma Vahidin adı dillərdə gəzirdi. Dedim ki, o başqa adamdır. Sadəcə, sən onu Vahidə oxşadırsan. Uzun sözün qısası, durdum ayağa, bütün cəsarətimi yığıb yaxınlaşdım peraşki yeyən arıq kişiyə: “Bağışlayın, siz doğurdan da, Əliağa Vahidsiniz?” O, ağzındakı tikəni ləzzətlə udub: “Bəgəm Əliağa Vahidə oxşamıram?” - deyə, təəccüblə üzümə baxdı. Məlum oldu ki, xalam oğlu düz deyirmiş...”

Vahidin hazırcavablığı fəhmi, iti zəkası ilə yanaşı, həm də sadəliyi ilə bağlı belə əhvalatlar çoxdur. Xiridarlar onun şeiriyyatına meyl edər. Sadə adamlar isə, böyük qəzəlxanımızın adı keçər rəvayətlərə. Bir müdrik demişkən:
“İnsanlara tarix yox, rəvayətlər lazımdır”. Əminəm ki, Vahid ilə bağlı rəvayətlər illər keçdikcə, daha da qol-budaq atacaq. Və bu rəvayətlər həmişə elə qəzəlləri kimi şirin olacaq.

Xəbərlər:

Xüsusi məlumat

Məlumat ünvanı (URL) kulis.az/news/36630

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 927
Baxılıb: 29
Əlavə edilib:
Redaktə edilib: 25-02-2021
Bitmə tarixi: 25-02-2022
Kateqoriyalar: Ədəbiyyat